Səidə Qocamanlı: ?Əgər polis əməkdazı üçrəngli bayrağımızı ayağının altına atıb, üç yerə bölürsə, hansı vət

img

14-07-2009 [05:42]


Bu gün Media Hüquqları Mərkəzi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Milli donora təqdim olunan bütün layihələr maliyyələşdirilməlidirmi?? mövzusunda debat təşkil edib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, əvvəlki illərdən fərqli olaraq, indi vətənpərvərlik mövzusunda təbliğata daha çox ehtiyac var: ?Təəssüf ki, xarici donorlar Azərbaycanın milli problemlərilə bağlı layihələri maliyyələşdirməkdən imtina edirlər. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsilə bağlı layihələrə barmaqarası yanaşırlar. Ona görə də ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lər daha çox ümumbəşəri ideyaların arxasınca düşürlər. Halbuki Azərbaycanın milli problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq QHT sektorunun əsas vəzifələrindən biridir?. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov isə bir qədər fərqli mövqedən çıxış edib. Hüquq müdafiəçisi deyib ki, vətənpərvərlik mövzusunda olan layihələri maliyyələşdirmək Azərbaycan dövlətinin vəzifəsidir: ?Xarici donorun vəzifəsi insan haqları, demokratiya və s. ideyaların təbliğinə nail olmaqdır. Hakimiyyət havaya sovurduğu milyonların cüzi hissəsini milli problemlərin həllinə yönəltsə, biz Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqəqtinə çatdıra bilərik. Buna baxmayaraq, vətənpərvərlik mövzusunda olan layihələrə pul ayıran xarici donorlar da var. Məsələn, Böyük Britaniyanın Barış Resursu Təşkilatı Azərbaycanın milli problemlərindən bəhs edən layihəni maliyyələşdirib. Biz bu layihəni həyata keçirmək üçün ölkənin ən iri şirkətlərinə müraciət etsək də, hamı qapını üzümüzə bağladı. Rəhbərlik etdiyim qurum hazırda Milli QHT Şurasının maliyyə dəstəyi ilə vətənpərvərlik mövzusunda layihə həyata keçirir. Mən hüquq müdafiəçisiyəm və hansı mövzuda layihə həyata keçirməyimdən asılı olmayaraq, sonadək öz prinsiplərimə sadiq qalacağam?. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov isə təmsil etdiyi qurumun vətənpərvərlik mövzusunda olan layihələrə xüsusi qayğı ilə yanaşdığını bildirib: ?2008-ci ildə vətənpərvərlik mövzusunda olan layihələrə 169.500 manat vəsait ayırmışıq. 2009-cu ildə isə bu məbləğ 4403.500 manat olub. QHT Şurası vətənpərvərlik mövzusunda yazılmış bütün səviyyəli layihələri maliyyələşdirməyə hazırdır?. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyib ki, vətənpərvərlik ideyasının təbliği üçün münbit şərait olmalıdır: ?Əgər polis əməkdaşı üçrəngli bayrağımızı ayağının altına atıb, üç yerə bölürsə, hansı vətənpərvərlikdən söhbət gedə bilər?! Məmurlarımızın əksəriyyəti dövlət himnimizin sözlərini bilmir. Onların çoxu tədbirlərdə yalandan ağızlarını açıb-yumurlar. Metrolarda yağ-qənd reklamları az qala adamın gözünü deşir. Niyə vətənpərvərlik mövzusunda bircə reklam yoxdur?? Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə polis özbaşınalığından gileylənib: ?Bu gün gənclər uyğur türklərinin qətlə yetirilməsinə etiraz əlaməti olaraq Çinin Bakıdakı səfirliyinin qarşısında aksiya keçirirdilər. Polis aksiya iştirakçılarının hamısını həbs edib, 22-ci bölməyə apardı. Biz işə qarışanda dedilər ki, bir azdan sonra hamını azad edəcəyik. Halbuki polis gəncləri heç bir əsas olmadan həbs etməklə onların vətənpərvərlik ruhunu zədələyir?. Keçmiş Qarabağ döyüşçüsü, tanınmış jurnalist Rey Kərimoğlu isə vətənpərvərlik təbliğatı aparan bəzi adamların bu məsələdən danışmağa mənəvi haqqının olmadığını deyib: ?Vətənpərvərlik mövzusunda elə insanlar danışır ki, onları dinləyəndə adam iyrənir. Qarabağ qaziləri indiyə kimi heç bir xarici donordan maliyyə dəstəyi ala bilməyib. Bizə deyirlər ki, sizin mövcudluğunuz insanlarda qisasçılıq hissi yaradır. Bəzi xarici donorlar nəinki vətənpərvərlik mövzusunda olan layihələri dəstəkləməkdən imtina edir, onlar hətta vətənpərvər imici olan QHT-lərin müraciətlərinə də cavab vermirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA